Qazaxıstan məhkəməsi azərbaycanlı şahmatçıya ölkəni tərk etməyə icazə verdi

  • 21:20 - 16 Mart

Qazaxıstanı tərk edə bilməyən azərbaycanlı şahmatçı Eltac Səfərlinin problemi həllini tapıb.

Virtualaz.org xəbər verir ki, məhkəmənin qərarı ilə Səfərliyə ölkəni tərk etməyə icazə verilib.

O, cərimə məbləğini ödədikdən sonra bu gecə Qazaxıstan paytaxtından İstanbula yola düşəcək. Bazar ertəsi günü şahmat üzrə Azərbaycan yığma komandası Makedoniyada Avropa çempionatında iştirakına başlayacaq.

*   *   *15:26

Astanada komandalar arasında şahmat üzrə dünya çempionatı başa çatdıqdan sonra misli görünməmiş hadisə baş verib və Azərbaycan yığma komandası bilaixtiyar həmin hadisələrin mərkəzinə düşüb.

Belə ki, Astana hava limanında məlum olub ki, Azərbaycan yığmasının şahmatçısı Eltac Səfərli Qazaxıstanı tərk edə bilməz. İş burasındadır ki, Eltacın və bütün komandamızın yaşadığı mehmanxanada onun qeydiyyatı rəsmiləşdirilməyib. Bu səbəbdən şahmatçı təyyarəyə buraxılmayıb. Yoldaşı ilə həmrəylik əlaməti olaraq, Rauf Məmmədov da uçmaqdan imtina edib və Eltacla qalıb.

Şahmatçılarımızın bildirdiklərinə əsasən, Qazaxıstan Şahmat Federasiyasının mövqeyi təəccüb doğurmaya bilməz. Belə ki, federasiya nəinki biletlərin əldən çıxmasına görə pulların kompensasiyasından imtina edib, həmçinin azərbaycanlı idmançılara kömək etməkdən imtina edərək, martın 18-də Eltac Səfərlinin məhkəmə qarşısında cavab verəcəyini bildirib. Nəzərə almaq lazımdır ki, bu hadisədə şahmatçının heç bir günahı yoxdur, bütün bu olanların yeganə səbəbkarı dünya çempionatının təşkilatçılarıdır!

Rauf Məmmədov virtualaz.org-a bildirib ki, Qazaxıstan federasiyası onlara son dərəcə bivec yanaşıb, lakin müəyyən insanların müdaxiləsindən sonra məhkəmənin bu gün keçirilməsi mümkün olub. Bu dəqiqələrdə şahmatçılarımız məhkəmədədir və ümid edirlər ki, nəhayət, Astananı tərk edə biləcəklər.


Oxunma sayı: 7007

Oxşar yazılar