“Tokio 2020” Olimpiya Oyunları üçün robotlar ictimaiyyətə təqdim edilib

  • 15:58 - 16 Mart

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışlar zamanı istifadə ediləcək robotları ictimaiyyətə təqdim edib.

Oyunlar zamanı işi asanlaşdırmaq məqsədi daşıyan həmin robotlar Yaponiya hökuməti, Tokio şəhər bələdiyyəsi və biznes şirkətləri tərəfindən yarışları daha yaddaqalan etmək üçün hazırlanıb.

Martın 15-də təşkilat komitəsi iki robotu ictimaiyyət nümayəndələrinə təqdim edib. Onların iki müxtəlif istiqamətdə istifadə ediləcəyi bildirilir.

“Toyota Motor” şirkəti tərəfindən hazırlanan robot səsli təlimatlardan istifadə edərək, əlil arabalarında olan tamaşaçıların onlar üçün nəzərdə tutulan yerlərə hərəkət etməsinə kömək edəcək. Həmin robotlar nəqliyyat üçün nəzərdə tutulan robotlardan aldıqları şirələri də tamaşaçılara çatdıracaq. Bu zaman sifarişlərin planşetlərə yerləşdirilməsi nəzərdə tutulur.

“Panasonic” şirkəti tərəfindən hazırlanan “Power Assistant” kostyumu isə xidmət heyətinə ağır əşyaları qaldırmaqda kömək edəcək. Həmin kostyumda yerləşən mühərriklər xidmətçilərin daşımalı olduğu yükləri 10 kiloqramadək yüngülləşdirmək imkanına malikdir. Kostyumu geyinən xidmətçinin iş əmsalının 20 faizədək artacağı bildirilir.

Təşkilat komitəsinin üzvü Masaaki Komiya ümid etdiyini bildirib ki, bu robotlar oyunlar zamanı yapon qonaqpərvərliyini daha yüksək səviyyədə təmsil etməyə imkan yaradacaq.


Oxunma sayı: 13970

Oxşar yazılar