Siyasət meydanına yeni daxil olan Çaputova Slovakiyadakı prezident seçkilərində əsas favoritdir

  • 14:10 - 16 Mart

Bu gün Slovakiyada səsvermə hüququna malik dörd milyon vətəndaş ölkənin yeni dövlət başçısını seçir.

Liberal düşərgənin təmsilçisi, ixtisasca vəkil Zuzana Çaputova seçkilərdə əsas favorit hesab edilir. Siyasət meydanına yeni daxil olan Z.Çaputova 2017-ci ildə təsis edilmiş Proqressiv Slovakiya (PS) partiyasının sədr müavinidir. Liberal, avropayönümlü və ekoloji mövzuları təbliğ edən Çaputova seçkiöncəsi sorğularda respondentlərin 50 faizindən çoxunun dəstəyini qazanıb.

13 namizədin iştirak etdiyi seçkilərdə Avropa Komissiyası prezidentinin müavini, enerji ittifaqı üzrə komissar Maroş Şefçoviçin də şansları yüksək qiymətləndirilir.

Slovakiyada seçki sorğuları adətən səsvermənin nəticəsi ilə uzlaşmasa da, ötən il jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədə ictimai fikir ikiyə parçalanıb. Ölkəsində ədalətli və vicdanlı siyasətin hakim olmasını tələb edən Çaputova apardığı seçki kampaniyasında xarici siyasətdə də avropayönümlü siyasət yürüdəcəyini vəd edib.

Bir sıra qəzetlər isə Çaputovanı 2009-cu ildə prezident seçkilərində namizədliyini irəli sürən İveta Radiçova ilə müqayisə edirlər. Həmin vaxt seçkilərin ilk mərhələsində Radiçova qalib gəlsə də, ikinci mərhələdə Prezident İvan Qaşparoviçə məğlub olmuşdu. Ekspertlər hesab edirlər ki, bu məğlubiyyətdə əsas səbəblərdən biri də konservativ ruhlu slovak seçicisinin bir qadını dövlətin ali kürsüsündə görə bilməməsidir.


Oxunma sayı: 4213

Oxşar yazılar