Heydər Əliyev Ermənistana dəstək verən İran rəsmisini necə susdurdu ? - Eldar Namazovdan sensasion açıqlamalar

  • 18:53 - 11 Mart

"İran prezidentinin sözləri çox şeydən xəbər verir. Azərbaycan prezidenti çıxışlarında hər zaman deyir ki, biz ərazimizdən İrana qarşı istifadə edilməsinə imkan vermərik. İran prezidenti isə bizə qarşı ərazi iddiası ilə çıxış edir. İki prezidentin yanaşmasını müqayisə edin. Azərbaycan torpaqlarının işğalı prosesi başlayanda biz İran tərəfindən nə insanlığa, nə qonşuluğa, nə islam dəyərlərinə sığan münasibət gördük."

Avropa.info xəbər verir ki, bu sözləri axar.az saytına müsahibəsində mərhum prezident , ümummilli lider Heydər Əliyevin köməkçisi vəzifəsində çalışmış , politoloq Eldar Namazov deyib. Eldar Namazov Azərbaycan torpaqlarının işğalında İranın Ermənistana yardımının da rol oynadığını bildirib.

"Türkiyə, Pakistan kimi müsəlman ölkələri ermənilərlə bütün əlaqələrini kəsdiyi, Ermənistanın faktiki olaraq Azərbaycan, Gürcüstan, Türkiyə tərəfindən blokada vəziyyətinə düşdüyü bir vaxtda İran sərhədlərini açdı və Ermənistana iqtisadi yardım etməyə başladı. Faktiki olaraq, Ermənistanın işğalçı siyasətini davam etdirməsi üçün şərait yaratdı. Həmin dövrdə Ermənistan Prezidenti Levon Ter Petrosyan mətbuata açıq deyirdi ki, əgər İran bizlə sərhədləri bağlasa, 1 ay ərzində Ermənistan dövləti çökəcək. Deməli, işğala da son qoyulacaqdı. Ancaq İran bunu etmədi və şərait yaratdı ki, ermənilər Azərbaycan torpaqlarını işğal etsinlər, dinc əhalini qırsınlar.

Mən xatırlayıram, həmin dövrdə Azərbaycan Prezidenti Heydər Əliyev İran İslam Respublikasının xarici işlər naziri ilə görüş zamanı bütün bu faktları açıq şəkildə ona deyirdi və İranın XİN rəhbəri cavab verə bilməyib, susurdu. Axırda Heydər Əliyev son nöqtəni qoyaraq ona dedi ki, mən soruşmuram siz bunları niyə edirsiniz? Məni bir məsələ maraqlandırır, siz Azərbaycan torpaqlarını işğal edən, Azərbaycanın dinc əhalisini qıran ermənilərə dəstək verəndən, onlarla görüşəndən, salam verəndən sonra əlinizi gedib yuyursunuz, yoxsa yox? Burada heç bir cavab olmadı. İran XİN rəhbərini çox aciz vəziyyətdə gördüm.

Dediyim kimi, bəzi məsələlər var ki, dövlət rəsmiləri o barədə danışmalı deyillər. Ancaq İran bu qaydanı pozub, ərazi iddiası ilə çıxış etdi, Azərbaycan isə diplomatik qaydalara riayət edirək, nə prezident, nə də XİN səviyyəsində onlara cavab verdi.

Ruhaninin indi iddia etdiyi ərazilərdə Azərbaycan xanlıqları olub və Rusiya tərəfindən işğal ediliblər. Əgər buraları özününkü sayırdınsa, niyə gəlib yiyə durmadın? Niyə ruslarla döyüşmədin? Niyə bu əraziləri qorumadın? Azərbaycan xanlıqları isə döyüşdülər. İllərlə ruslar İrəvan qalasını ala bilmədi, Gəncədə gedən döyüşlərdə ruslar böyük itkilər verdi, bu işə rəhbərlik edən Sisianovun başı Bakı xanlığına ultimatum verdiyinə görə kəsildi. Bura İranın torpaqları olubsa, bəs biz bu döyüşləri aparanda harda idin? İndi sən ruslarla vuruşmursan, ruslara güldən ağır söz demirsən, ancaq Azərbaycana söz atırsan...

İkincisi, son 1000 ilin 880 ilində türklər, cəmi 120 ilində farslar İranı idarə edib. Bir çox hallarda da İranın paytaxtı Təbriz, Ərdəbil olub. Niyə 1925-ci ildə farslar hakimiyyətə gələ bildi?! Ona görə ki, Şimali Azərbaycan Rusiya tərəfindən işğal olundu, bu ərazidə yaşayan xalqların arasında demoqrafik balans dəyişdi. Bu isə hələ XIX əsrin ortalarında baş verdi və farslara 60-70 il lazım gəldi ki, balans dəyişməsindən istifadə edib hakimiyyətə gələ bilsinlər. İndi isə deyirlər ki, bu ərazilər bizim torpaqlarımızdır" - Eldar Namazov belə deyib.

 


Oxunma sayı: 17303

Oxşar yazılar