Xalqın sevdiyi, seçdiyi Lider – Hacı Nərimanoğlunun yazısı

  • 10:32 - 26 Fevral
Fevralın 26-da Rəcəb Tayyib Ərdoğanın 65 yaşı tamam olur 1954-cü ilin 26 fevralında İstanbulun Qasımpaşa məhəlləsində dünyaya göz açmış Rəcəb Tayyib Ərdoğan uşaqlıqdan öz liderlik qabiliyyətləri ilə seçilib, tay-tuşları onu “rəis” deyə çağırıblar. İbtidai məktəbi, İmam Xatib liseyini, Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsini, hərbi xidməti ehtiyat zabit olaraq bitirib, Başkəndin klublarında 16 il futbol oynayıb. Məhkəmə qərarları ilə milliyətçi və islamçı mövqelərinə görə ləğv edilən Milli Türk Birliyinin, Milli Səlamət, Rifah, Fəzilət partiyalarının nüfuzlu siyasi fəalllarından olub. 1997-ci ildə bir mitinqdə Ziya Göyalpın 1912-ci ildə "Balkan Savaşı" üçün yazdığı "Asker Duası"nın bir hissəsini öz ruhuna uyğun dəyişdirilmiş şəkildə dediyinə görə və çıxışının davamında "hər dövrün Firoun və Nemrutları olduğu kimi, bunun qarşısına çıxacaq insanlar da var" söyləməsi səbəbindən Diyarbakır məhkəməsi tərəfindən həbs olunub. Həbsdən çıxıb 1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçiləndə şəhəri 2 milyard dollar borclarla təhvil alıb, iki ildə İstanbulun borclarını tamam  bağlamaqla yanaşı, şəhərin sonrakı təməl tərəqqisi üçün 4 milyard dollarlıq sərmayə yatırımı da gerçəkləşdirib. Bu gün İstanbul dünyanı heyrətləndirən əfsanəvi layihələrin reallığa çevrildiyi şəhərdir. Hazırda ölkənin ümumi milli gəlirinin yüzdə 27%-i təkbaşına İstanbulun payına düşür. İstanbulda adambaşına düşən gəlir ölkə üzrə olduğundan təqribən 5 min dollar artıq - 15 min 674 dollardır. Türkiyədə bu illərdə onlarla ölkədaxili, region və dünya əhəmiyyətli layihə  gerçəkləşib, 150 illik Mərmərə Layihəsi röyası həyata keçirilib. Dünyanın ən dərin və geniş sualtı tuneli ilə Şərqi Asiya ilə Qərbi Avropa birləşib. 2016-cı ilin sonunda İstanbulda açılan Yavuz Sultan Selim köprüsü 18 milyona qədər insanın yaşadığı İstanbulun nəqliyyat problemini köklü həll edib. Bu Avrasiya tunelinin istifadəyə verilməsi ilə iki qitə arasındakı məsafəni avtomobillə 15 dəqiqəyə qət etmək mümkün olur. Dənizin 106 metr dərinliyində tikilən ikimərtəbəli yolun ümumi uzunluğu 14,6 kilometrdir. 5,4 kilometrlik hissəsi isə dənizin altında xüsusi texnologiya ilə inşa edilib. Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolu açılıb. İstanbulda 46 milyard dollarlıq 3-cü Hava Alanı açılıb. Yaponiya Türkiyədə 22 milyard dollarlıq bir yatırımla Atom Stansiyasının inşasına başlayıb. Daha bir  Mərmərə yolunun açılışı ilə İstanbul ilə İzmir arasındakı məsafənin gediş-gəlişi  9 saatdan 3,5 saata enib. İstanbul Boğazında 2,5 milyard dollarlıq layihə ilə 3-cü körpünün təməli qoyulub, ən böyük hava alanı istismara buraxılıb. Ərdoğanın illər öncə xəyalını qurduğu, Türkiyənin içində və dışında şübhə ilə qarşılanan daha bir möhtəşəm Osman Qazi köprüsü açılıb. “Türk axını”, TAP, TANAP layihələri Türkiyəni dünyanın ən böyük qaz tranziti ölkələrindən birinə çevirməkdədir. Türkiyədə milli ruh heç zaman son illərdəki kimi yüksək olmayıb. FETÖ və digər iç, dış terror örgütlərinə sağalmaz yara vurulub. Türkiyə uzaq Monqolustanda, Çində, Avropa, Asiya və Afrikada türkün şərəfli keçmişinə ayna tutan onlarla abidə, mirasa sahib çıxıb, təmir, bərpa edib, yol çəkdirib. Türkiyə liderliyində Türk dövlətləri birliyi yaradılması üçün imkanlar heç zaman indiki kimi real olmayıb. Son 16 ildə təhsil, tibb, nəqliyyat, enerji infrastrukturunda, hərbi və mülki texnika,  texnologiyalar istehsalında toplam Cümhuriyyət dövründə olduğundan artıq işlər görülüb. Türkiyə silah idxalçısından ən modern hərbi təyinatlı texnikalar istehsal edən ölkəyə çevrilib. Dünyada ən müasir savaş gəmisi, tank, helikopter, raketlər hazırlayan 10 ölkədən biri halına gəlib. [gallery columns="1" size="full" ids="310698"] Türkiyə silahlı qüvvətləri ABŞ, İsrail, NATO-nun əlavəsindən çıxarılaraq Türkiyə Cümhuriyyəti dövlətinin, Prezidentinin iradəsinə tabe edilib, “dövlət içində dövlət” funksiyasına malik olma yetkisindən qurtulub,  Hökumətin Ordunun təlimatları ilə idarə olunması, devrimlər  kimi acı sonuclarla da yaddaşlarda qalan   qara tarix birdəfəlik arxivə göndərilib. Türkiyə  və  R.T.Ərdoğan 17 ildir ki, dünya siyasətinə haqq, ədalət, siyasət əxlaqı anlayışını və nümunəsini gətirən, öz sözünü deyən, iradəsini diqtə etməyi bacaran, beynəlxalq siyasətin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran söz sahibi dövlətə (liderə) çevrilib.  Ərdoğan son illər ABŞ və Rusiya prezidentlərinin ən çox görüşdüyü, telefonla danışdığı liderdir. Bu başarıların başında duran  2002-ci ildən bəri bütün seçim və referendumlardan qalib çıxan Ərdoğandır, AK Partidir. Nəinki Türkiyə, həm də sivil dünya tarixində həbsdən çıxıb qurduğu partiyanı cəmi bir ilə təkbaşına iqtidara gətirən, son illərdə keçirilən seçkilərdən səs sayısını artırmaqla sandıqdan 1-ci yerdə çıxan tək partiya AK Partidir. 17 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması və Ərdoğanın çağırışı ilə İstanbulun Topkapı meydanındakı “milyonların mitinqi” türk xalqının demokratiyaya, azadlığa, milli qürura, vətənə, Anadolu yurduna sahibliyinin, sadiqliyinin və  Ərdoğan sevgisinin təcəssümü oldu. Şübhə yox ki, Ərdoğan adını Türkiyə və dünya tarixinə əbədi yazmış dövlət, siyasət adamı olaraq qalacaqdır. Ən mötəbər reytinq sorğularında dünya siyasətinə təsir edən siyasətçilərin ilk beşliyində Ərdoğanın da adı dəfələrlə yer alıb. O, Türkiyədə ən böyük xalq sevgisi qazanmış, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən, böyük uğurlara imza atmış siyasi lider, mərd, çətinliklərdən qorxmaz, mübariz, imanlı şəxsiyyət olaraq Türkiyə dışında da milyonlarla insanın qəlbində özünə əbədi yer tutub. Ərdoğanın müstəqilliyi, xarakterindəki məğrurluq, cəsarət, düşündüyünü birbaşa üzə deməyi, öz iradəsini diqtə etməyi bacarması, enerjisi, fikrində ardıcıllığı, qətiyyəti, natiqliyi, islam aləmində ilbəil yüksəlməkdə olan nüfuzu, Osmanlı sultanlarını xatırladan ambisiyaları, Türkiyəni dünyada haqq etdiyi öncül yerə çıxarmaq uğrunda çabaları dünyanı yönəldən çeşidli siyasi, hərbi, ideoloji, maliyyə-bank strukturlarından gələn təlimatlara boyun əyməməsi onu survivor dövlət, siyasət adamı kimi tanıdıb. Bunun nəticəsi olaraq həm də özünə qarşı Türkiyənin içində və dışında  R.T.Ərdoğan əleyhinə geniş bir koalisiya yaranıb. [gallery columns="1" size="full" ids="310699"] Ərdoğan başqanlığı dövründə Türkiyənin əldə etdiyi iqtisadi uğurları onun istər ölkə daxilində, istərsə də xaricdəki ən qatı müxalifləri də etiraf edirlər. 2011-ci ildə Türkiyənin Ərdoğanın Başbakanlığı öncəsi milli gəliri bütövlükdə 772 milyard dollar olmuşdu. Cəsarətli pul siyasəti nəticəsində dövlətin 2002-ci ildəki 600 milyon dollarlıq xarici borcunu tamamilə sıfırlayaraq, 2012-ci ildə 48 milyard dollarlıq müsbət saldoya çatdırmışdı. Ərdoğanın Baş nazirliyi dövründə Türkiyə Böyük 20-liyə daxil olub, ümumi daxili məhsul - ÜDM-in artım sürətinə görə 20-liyin 1-cisi olub, iqtisadi gücünə görə Avropanın 7-ci ölkəsi, NATO-nun 2-si olub. 2002-ci ildə adambaşına ÜDM 3.492 ABŞ dolları idi, hazırda 10,5 min dolları ötüb. Vətəndaşları dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi sosial haqlara sahibdir. 2018-ci ilin ilk rübündə yüzdə 7,2 faiz, ikinci rübdə yüzdə 5,3 faiz böyüyən Türkiyə ekonomisi ötən ilin birinci yarısında Hindistandan sonra dünyanın və Böyük 20-liyin iqtisadiyyatı ən çox inkişaf  edən ikinci dövləti olmuşdu. Türkiyənin son illər davamlı, dayanıqlı iqtisadi inkişafını, siyasi  müstəqilliyini həzm edə bilməyən ABŞ və Qərb qardaş ölkə iqtisadiyyatını çökdürmə planları avqust ayından açıqca bəyan edib reallaşmasına start verdi,  sanksiyalara,   maliyyə hücumlarına məruz qalan türk lirəsi  dəyərini 23 faizədək itirdi, ölkə ciddi zərər gördü. Ərdoğanın iş adamlarına, banklara, əhaliyə, dost ölkələrə çox təsirli müraciətindən sonra Türkiyə Qərbin planlarından minimum itki ilə çıxmağı bacardı; 3-cü və 4-cü rübləri 1,6 faiz böyümə ilə başa vurdu. Türkiyə  2018-ci ili ixracatda 168 milyard 77 milyon dollarla   tarixi rekord  ilinə  çevirdi. Türkiye İstatistik Kurumunun (TÜİK) və beynəlxalq tədqiqiat mərkəzlərinin dəqiqləşdirilmiş məlumatlarına görə, 2017-ci ildə Türkiyə iqtisadiyyatı yüzdə 7.4 % böyümüşdü. Son 16 ildə  Türkiyə  ekonomisi 133 faiz böyüyüb, orta hesabla illik ortalama ekonomik  inkişaf  yüzdə 5,7 faiz olub. Ötən il Türkiyənin xarici ticarətinin 39,3  faizini Avropa Birliyi dövlətləri ilə ticarət təşkil edib. Artıq müasir Türkiyə iqtisadiyyatı dünyanın ən oturuşmuş, etibarlı, sağlam inkişaf tempinə malik ölkələrindən biridir. 2019-cu ildə ölkə ekonomisinin minimum yüzdə 2,5 civarında böyüyəcəyi proqnoz olunub. 2023-cü il Cümhuriyyətin quruluşunun 100-cü il hədəfi belədir: ixracatı 500 milyarda, toplam ticarət, idxal-ixrac həcmini 1 trilyon dollara çıxarmaq, adambaşına milli gəliri 25 min dollara qaldırmaq, dünyanın 10-cu ekonomi gücü olmaqdır. Dünya Bankı, İMF də bu proqnozlara olumlu baxır. Türkiyə  dostlarını sevindirən, düşmənlərini üzən dünya gücü olma hədəflərinə doğru inamla irəliləyir. Ömür yoluna məxsusi kitab həsr etdiyim, dəvəti ilə özü və ailəsi ilə görüşüb həmsöhbət olduğum Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Allahı, türk, islam aləmini cani-könüldən sevən, əzilənlərin, gücsüzlərin haqqını, hüququnu  əzmlə, inadla qoruyan dövlət adamıdır. Onun Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən dünya güclərinə  qarşı illərdir davam edən qətiyyətli  mövqeyi, bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməsi, Ermənistanın və onun hərbi-siyasi havadarlarının anti-insani niyyətlərini dəfələrlə mötəbər kürsülərdə ifşa etməsi, Türkiyə ilə Azərbaycanın dünyada bənzəri olmayan qardaşlıq və dostluğunun möhkəmlənməsində misilsiz xidmətləri vardır. O, Azərbaycanın böyük dostudur. Ərdoğanın ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü təbrikində yazdığı kimi: “Bir tərəfdən öz gücünü ortaq dil, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.” Türkiyə mühüm siyasi kampaniya qarşısındadır; martın 31-də bələdiyyə seçkiləridir. AK Parti bu seçkiyə Azərbaycanda böyük dayaqları, çoxsaylı  tərəfdarları olan Milliyətçi Hərəkat Partiyası ilə “Cümhur İttifaqı”nda  gedir. Şübhə yox ki, bu seçkilərin sonucu  Türkiyə üçün  xeyirli olacaq, İttifaq tərəfdarları böyük üstünlüklə zəfər qazanacaq, Ərdoğanın güclü Türkiyə və firəvan xalq naminə siyasətinə milyonların inamı, coşqun dəstəyi bu dəfə də qalib gələcəkdir. Rəcəb Tayyib Ərdoğanın adına, ağlına, boyuna  yalnız qələbə, zəfər  yaraşır. 65 yaşın mübarək, sayın Ərdoğan, Allah qorusun! Hacı  NƏRİMANOĞLU

Oxunma sayı: 9812

Oxşar yazılar