Deputatdan sərt açıqlamalar: "Bu, mənəviyyatsızlıqdır"

  • 14:29 - 01 Fevral

“Bir millət vəkili kimi bizim əsas vəzifələrimizdən biri seçicilərimizin qayğısı, problemləri ilə maraqlanmaq, onları narahat edən məqamları, eyni zamanda, arzu və istəklərini dilə gətirməkdən ibarətdir. Başa vurduğumuz tətil vaxtı fürsətdən istifadə edib təmsil etdiyim Lerik rayonunun bir çox yaşayış məntəqələrini gəzdim və mümkün olduğu qədər seçicilərlə görüşlər keçirtdim. Mən onların fikirlərini burda səsləndirməyə söz vermişəm, buna görə icazənizlə bir neçə məqama toxunmaq istəyirəm”. 

Avropa.info xəbər verir ki, bunu deputat İqbal Məmmədov parlamentdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, dünyamız qloballaşıb, internet və sosial şəbəkələr dövrüdür. 

“Bu gün ölkəmizin ən ucqar yaşayış məntəqəsində belə istənilən vətəndaşımız bir düyməyə basmaqla özünü hər hansı şəbəkənin içində görür və media ilə ünsiyyət halında olur. Bu gün vətənimizi sevməyən, ona düşmanlıq bəsləyən saysız-hesabsız qüvvələr var və çox aktiv şəkildə fəaliyyət göstərirlər. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu tip qüvvələrin oyununa gələn, onların məkrli planlarına alət olan həmvətənlərimiz də var. Tənqid normal və inkişaf üçün vacib şeydir. Ümummilli liderimiz zamanında kütləvi informasiya sistemlərində senzuranı ləğv etməklə tənqidə yol açdı və bir çox sahənin inkişafına zəmin yaratdı. Ancaq təhqir yolverilməzdir. Media və ya sosial şəbəkələr vasitəsi ilə dövlət məmurlarını təhqir etmək, həyata keçirilən işlərə qarayaxmalar etmək kütləvilik xarakteri daşıdığı üçün mənəvi terrordan başqa bir şey deyildir. Ürək ağrısı ilə qeyd edirəm ki, dövrümüzün yüksək intellekt və inkişaf vasitəsi olan interneti bizdə bəzi qüvvələr öz pis əməllərinin alətinə çevirib. Bütün bunlar seçicilərimizi, soydaşlarımızı, vətəndaşlarımızı olduqca narahat edir. Bir ölkəni təmsil edən, xalqın böyük əksəriyyətinin səs verməsi nəticəsində seçilmiş ölkə başçısını təhqir etmək o xalqı təhqir etməkdir və heç bir müstəvidə başucalığı deyildir. Siyasi mübarizə, müxalifətçilik demokratiyanın bünövrə daşıdır. Ancaq əxlaq çərçivəsindən kənara çıxılan istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir”, - deputat bildirib. 

O əlavə edib ki, bu gün ölkəmizdə aparılan islahatları görməmək, gözardı etmək mümkün deyil: 

“Vətəndaşına, insanına, bu torpaq uğrunda canından keçmiş şəhidinə, onların varislərinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən qayğı, hörmət bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan səviyyəsində deyil. Möhtərəm prezidentimiz tərəfindən son dövrlərdə imzalanmış fərman və sərəncamlara baxarkən, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması istiqamətində göstərişlərini, onlarla görüşü zamanı nümayiş etdirdiyi ehtiramı, nəzakəti müşahidə edərkən ölkəmiz adına qürur hissi yaşayırıq. Bizim onsuz da Ermənistan kimi düşmənimiz var və hamımıza bəllidir ki, bu düşmənin kifayət qədər xarici havadarları var. Mən bu tribunadan istifadə edib damarında azərbaycanlı qanı axan hər kəsə müraciət edir, bu düşmanların oyununa gəlməməyi, onların aləti olmamağı vətənimizə qarşı oynanan hər hansı oyunun içində olmamağı xahiş edirəm. Bu tək mənim xahişim deyil, bütün seçicilərimin xahişidir. İstisnasız olaraq görüşdüyümüz hər bir vətəndaşımız bu fikirləri səsləndirir və bizdən hansısa addımı atmağı xahiş edir”. Deputat təklif edib ki, bu məsələ ilə bağlı qanunvericiliyimizə müəyyən dəyişiklik etməyin vaxtı çatıb: ”Saxta adlardan istifadə edib sosial şəbəkələrdə dövlətimizi, dövlət başçımızı, vətəndaşımızı təhqir edən, əxlaqsız fikirlər səsləndirən şəxslər mütləq cəzalandırılmalıdır. Mən bir deputat kimi seçicimə söz vermişəm və bu yolda əlimdən gələni əsirgəməyəcəyəm”. 

Mürtəza 
Avropa.info


Oxunma sayı: 10604

Oxşar yazılar