Yunanıstan parlamenti Makedoniyanın adının dəyişdirilməsi barədə sazişi təsdiqləyib

  • 21:22 - 25 Yanvar
Yunanıstan parlamenti keçmişdə Yuqoslaviyadan ayrılan Makedoniya Respublikasının adının Şimali Makedoniyaya dəyişdirilməsi barədə Afina və Skopye arasında imzalanan sazişi təsdiqləyib. Avropa.info xəbər verir ki, yanvarın 25-də Yunanıstanın əsas qanunverici orqanında üç günlük müzakirələrdən sonra keçirilən səsvermədə 300 deputatdan 153-ü sazişin lehinə, 146-sı əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Sənədin ratifikasiyası üçün zalda olan parlament üzvlərinin sadə səs çoxluğu kifayət etsə də, Baş nazir Aleksis Tsipras sazişi azı 151 səslə qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu. Afina və Skopye 2018-ci il iyunun 17-də Yunanıstanın Prespes bələdiyyəsində Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə saziş imzalayıblar. Həmin saziş bir müddət öncə Makedoniya parlamenti tərəfindən təsdiqlənib. Makedoniya Respublikasının adı ətrafında yaranmış vəziyyət bu ölkənin Avropa İttifaqı və NATO ilə yaxınlaşmasına mane olur. Belə ki, vilayətlərindən birinin adı Makedoniya olan Yunanıstan Makedoniya Respublikasının adına qarşı çıxır. Bu səbəbdən Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra Makedoniya BMT-yə keçmiş Yuqoslaviyanın Makedoniya Respublikası adı ilə qəbul edilib. Yunanıstan xəritələrində isə onun adı ölkə paytaxtının adı ilə - Skopye kimi qeyd olunur.

Oxunma sayı: 4686

Oxşar yazılar