Bakıda təcili yardım halı pisləşən şəxsə kömək etmədi – Video

  • 15:32 - 10 Yanvar
Bakıda Bakıxanov küçəsindən keçən təcili yardım maşınları yolda halı pisləşən xəstəyə kömək etməyib. Axar.az xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov Facebook hesabında video paylaşıb: "Saat 11.30 radələrində, Bakıxanov küçəsi, "Dostluq" kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydın oldu ki, bir nəfər yaşlı kişinin halı pisləşib, toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikalardan birinə, o biri isə dövlətə məxsus idi. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar. Yol polisi məsələyə qarışdıqdan 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar". Səhiyyə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, ərazidən keçən və dövlətə məxsus olan təcili tibbi yardım maşını qaraja gedən olub və içərisində tibbi personal olmayıb: “Dövlətə məxsus təcili tibbi yardım maşını oksigen balonu götürmək üçün qaraja gedirmiş və maşında nə həkim, nə də tibb bacısı olub. Buna görə sürücü ərazini tərk edib. Bizə xəstə üçün çağırış saat 11.35-də olub. Təcili tibbi yardım maşını isə 11.47-də artıq həmin şəxsi götürüb. Səhhəti pisləşən xəstənin adı isə Seyfulla Verdiyevdir və 71 yaşı var. Həmin şəxs təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Səhhəti hazırda normaldır”. https://www.youtube.com/watch?v=1LXA0zEwrOo

Oxunma sayı: 7590

Oxşar yazılar