"O xanımın ali savadı yoxdur, masaj kursunu qurtarıb" – Rektor

  • 15:40 - 09 Yanvar
Hazırda Azərbaycan Dillər Univesitetində ən ağır və məsuliyyətli bir dönəmdir, imtahan sessiyası keçirilir. İmtahan sessiyası həssas dövrdür və cəmiyyətlə birbaşa bağlıdır. Gedişatla əlaqədar cəmiyyətin münasibəti adekvatdır. Teleraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla deyib. Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu il imtahanlarla bağlı yeniliklər olub: “Əsas məqsəd tələbələrlə isti və anlaşıqlı münasibət formalaşdırmaqla bağlıdır. Bütün valideynləri imtahan prosesini izləməyə dəvət etmişik. Valideynlər Şurasının üzvü olan valideynin iştirakı olmadan keçirilən imtahan ləğv edilib və yenidən təşkil edilib. Bundan dəyərli anı çətin düşünmək olar. Bununla tələbənin məsuliyyəti, sevinci artır. İmtahan prosesinin açıq və şəffaf keçirilməsinin vacib məqamlarından biri də budur. İkinci məqam imtahan nəticələrinin apellyasiyası ilə bağlıdır. Əvvəllər tələbə imtahanın nəticəsindən narazı idisə, cavab çıxan gün ərzində şikayətçi ola bilirdi. Bu da müəyyən qaçdı-qovduya dönürdü”. Rektor apellyasiya müddətinin bir imtahandan növbəti imtahana qədər uzadıldığını söyləyib: “Bununla da tələbə apellyasiya məsələsinə daha ciddi və məsuliyyətlə yanaşacaq, psixoloji stress keçirməyəcək”. İmtahanda qayıblara gəlincə, rektor vurğulayıb ki, məsələ Nazirlər Kabinetinin əsasnaməsi ilə tənzimlənir: “Semestr boyu bir fəndən 25 faizdən artıq qayıbı varsa, həmin fənn yenidən keçirilməlidir. Buna əməl olunmalıdır. Üzrlü səbəb olanda məsələ rektoratda müzakirə edilir. Hansısa qurum özbaşına icazə verirsə, bu, qanun pozuntusudur və qarşısını alırıq. Təhsil haqqını birdəfəlik ödəyə bilməyən tələbələrə də imkan yaradılır. Təhsil haqqı ilə bağlı dövlət tərəfindən müəyyən prinsiplər var, onunla bağlı nəzarət aparılır. Hər məsələyə indivudual şəkildə yanaşırıq”. Rektor son günlər mediada kadrlar şöbəsinin baş mütəxəssisi olmuş Elmira Baxşəliyeva, filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ittihamlarına da cavab verib: “Məhkəmədə olan işin iddiaçısı məsələ qaldırılır ki, haqsız olaraq vəzifəsindən kənarlaşdırılıb. Halbuki bir şöbədən başqa şöbəyə keçirilib. Əmr dəyişdirilməyib, əvvəldən belə olub. Səbəb isə ondan ibarət ki, bu xanım vəzifə başında illərdir ciddi nöqsanlar buraxıb. İl ərzində bir işçini 3 dəfə məzuniyyətə göndərib. Bu, iqtisadi, ictimai, hətta siyasi pozuntudur. Yoxlama aparan komissiya tör-töküntü və biabırçı vəziyyətlə qarşılaşdı. Məlum oldu ki, ali savadı haqda heç bir sənədi yoxdur, sadəcə “masaj kursu”nu qurtarmağı barədə sertifikatı var. Ancaq kadrlar şöbəsində uzun illər baş mütəxəssis işləyib. İşçilərin müqavilə sənədində maaş yazılmayıb. Mühasibatda bir maaş, kadrlar şöbəsində ayrı maaş yazılıb. O narazılıqların heç bir əsası yoxdur. İttihamlar həmin şəxslərin şəxsi keyfiyyətləri və ambisiyaları ilə bağlıdır. Hansı qohumumu işə götürmüşəm? Yeganə qohumum Azad Məmmədov bu universitetdə çalışır. O da mən rektor olmazdan əvvəl Ümumi dilçilik kafedrasının müdiridir, onu bütün dilçilər tanıyır, İngiltərədə ingilis dilində kitabı çıxıb. Ondan başqa ikinci qohumum burada işləmir. Özüm ümummilli lider məni Bakı Slavyan Universitetinə göndərənə qədər 17 il bu universitetdə kafedra müdiri işləmişəm. Əlbəttə, burada dostlarım, tanıdığım insanlar olacaq. Rektor təyin olunanda buradakı gərginliyi görəndə inandığım insanlarla işləməli idim. Amma mən buraya gələndə öz komandamı gətirmədim, dedim gəlim görüm, vəziyyət necədir, kimlər çalışır. Cəmi il yarımdır rektoram, xüsusi səy göstərsəm də, tələbələri savadsızlaşdıra bilmərəm. Əslində, tələbələrin savadsız olmasına həmin dekan məsuldur. Dekan tələbələrin savadsız olmasını niyə töhmət alandan sonra qaldırır. Akt zalında şeirimi əzbərdən deyən dekan deyir ki, Kamal Abdulla tələbələri savadsızlaşdırır, lüğətdən istifadəyə icazə verməklə cinayətə yol verir. Bu, böhtandır. İşindəki nöqsanlara görə töhmət verilən kimi özünü bu cür aparmağa başladı, bunu heç cür qəbul edə bilmirəm. Soruşurlar niyə onları məhkəməyə vermirəm? Mən verməyəcəym, qoy onlar versin, mən də əks iddia ilə çıxış edəcəyəm. Tələbələr məktubla müraciət edir ki, müəllim gəlib, deyir imtahana girməyin, kəskin etiraz edin, hətta müəllimin səs yazısı da var. Bu, iğtişaşa çağırmaq hallarıdır. Həmin müəllimi dərsdən və imtahandan kənarlaşdırmışam. Müəllim tələbəni imtahanla təhdid edir. Bu barədə ailələr müraciət edir. Kiməsə qarşı ədalətsiz hərəkət eləsəm, gecə yata bilmərəm, gəlib həmin şəxsdən üzr istəyərəm. Əslində bu şəxslər özləri özlərini ittiham edirlər. Görək univsitetin həyatını bu günə qoyanlar nə cavab verəcək".

Oxunma sayı: 7029

Oxşar yazılar