Səsdən sözə, duadan nitq mədəniyyətinə – Müəllif

  • 21:41 - 08 Yanvar
ALLAHın “ol” əmrini eşidərək var ola bilmiş hər şeyin zatında Tanrı bəlağətinin yaşaması,insanın da eşitmiş olduğu Səsə vurğunluğu səbəbindəndir ki, şüuraltında yaşatmaqda olduğumuz Səsi təkrar eşitmək istəyi bizi daim mükəmməl danışıq sərgiləməyə sövq etmişdir. Yaradılışda eşitmiş olduğumuz səs,səsləniş,heca,ifadə tərzi,söz,dua olaraq mərhələlərdən keçməklə, əhatələnməkdə olduğumuz fəzanı titrətməklə-təsəvvür, təfəkkür və təxəyyülümüzdə görülə və düşünülə bilən şeyləri beynimizdə inkas etdirməklə,sadə danışıqdan nitq mədəniyyətinə qədər inkişaf etməklə həyatımızın mühüm parçasına çevrilə bilmişdir. Məlum olduğu kimi, səmavi dinlər dünyanın yaradılışının Allahın “ol” əmri ilə gerçəkləşdiyini bildirməkdə,müqəddəs kitabımız Qurani-Kərim dünyanın sonunun  da Sur çalınan zaman eşidiləcək səslə baş verəcəyini bildirməkdədir. Səslə baş vermiş olan yaradılışla-sonda eşidiləcək səs arasındakı zaman içində- insan ilk olaraq eşitmiş olduğu səsi sakrallaşdırmış, son eşidiləcək səsdən hifz oluna bilmək üçün istək və arzularını duaya çevirərək Uca Yaradana ünvanlamış olaraq görülməkdədir. Bütün dinlərdə ibadətə çağırış səs vasitəsi ilə həyata keçirilməkdədir ki, bu - İnduizm,Buddiizm və İudaizmdə təbil (baraban), xristianlıqda zəng, İslamda isə insan səsi ilə. İslamda ibdətə çağırışın insan səsi ilə olmasında məqsəd- fərqliliklə yanaşı, həm də insanın Allaha xas şəkildə yaradılmasına əsaslanan- ən mükəmməl səs olması qənaətidir. “Bir şeyi istədiyi zaman buyurduğu ona ancaq; “OL” deməkdir. O da dərhal olar.(1) Allahda olan söz insana verildikdən sonra sahibinə layiq olaraq söylənə bilməsi bəndə üçün məsuliyyət yaratmaqda, bu istiqamətdə çalışmalar sərgilənməkdəydi.Üstlənmiş olan məsuliyyətin ağırlığından qorxan insan, sözü daha mükəmməl şəkildə söyləyə bilmək üçün ilk çağlarda onunla sakral nəsnə olaraq davranmağa çalışmaqla duanın-gözəlliklərdən təsirlənərək laylanın əsasını qoymuşdur. İnsanlığın daha ilkin çağlarında yaranmış İnduizm və Buddiizm inanclarında meditasiya,dua kimi dəyərləndirilərək istifadə olunmaqda olan mantralara çağdaş dövrdə də insanlar tərəfindən müraciət olunmaqdadır.Mantra sözü ölü dillərdən olan Sanskrit dilindən götürülmüşdür.Manas(mind)-düşüncə,trai-müdafiə, xilas anlamındadır. Güclü enerji mənbəyinə malik,qədim,müqəddəs formula olan mantra-ilahi kamilliyə çatmaq üçün qulaq asılan və ya təkrarlanaraq insan təfəkkürünə təsir gücünə malik söz , şeir, dua, hərflərin mistik ahəngdarlığı olaraq da qəbul edildiyindən, müalicə vasitəsi və arzuların gerçəkləşməsi formulu olaraq da istifadə olunmaqdadır. Məşhur olan “OM”(AUM) mantrası Ali Varlığın 4 halını ehtiva edir. A-oyaqlıq anı, U-mürgü anı, M-dərin yuxu anı. Qeyd edilən üçlüyün ifası zamanı yaranmaqda olan hal-insanın Uca yaradanla identikliyi, eyniliyini hiss etdiyi ləzzət-ekstaz anıdır (Qeyd olunan hala bənzər məqam İslam Tasavvufunda da var ki, Fənafillah anı kimi bilinməkdədir). İnduizm və buddizmdə mantraların ifası zamanı yaranmaqda olan vibrasiyanın-Allahın kainatı yaradarkən əmələ gəlmiş titrəşimlə eyniliyinə inanan induist və buddistlər-uzun çalışmalardan sonra bütün insan bədənini çulğayaraq,təbiətin harmoniyasına qarışaraq müvəffəqiyyət əldə etmənin mümükünlüyünə inanmaqdadırlar. Bu ğün səhnə danışığı təlimlərində sonor samitlər vasitəsi ilə ağız boşluğu,dil damaq məşğələlərinin yaranmasında yəqin ki, mantraların ifası və dini ayinlərin icrası vasitəsi ilə kamillik həddinə çata bilmiş rahiblərin də varlığı az rol oynamamışdır. Demək ki, hələ yaranışın ilk çağlarından etibarən,insan-fəzanı titrətməklə şüurumuza təsir edə bilən səsin sehrinə düşərək,hərf və hecaları müxtəlif mənalara bükməklə ifa etməyə cəhd etmiş söylədiyi hər səs və hecanın sirli ola biləcəyinə inanmışdır. (M.Maqomayevin konkret parçanın ifası zamanı musiqinin akkompanentliyindəki fasilələrdə,burun pərlərini sıxması yəqin ki, hər kəsin yadındadır. M.Maqomayev qeyd olunan hərəkətlə ağız boşluğu və üst damağın titrəməsini yaradır, bununla da bariton səs üçün lazım olan əks-səda efektini əldə edə bilirdi). (2) Tarixin bütün mərhələlərində insan-sehrində olduğu sözü mükəmməl şəkildə söyləməyə çalışmış, hər yeni ideyanın tanıtımını natiqlik bacarığına malik olan şəxsə etibar etmişdir. Mifalogiyanın təşəkkülü də natiqliyin dəyərlərindən kənarda qalmamış, Allahlar Panteonunda təmsil olunmağa qədər yüksəlməyi bacarmışdır. Nitq mədəniyyətinin insan həyatındakı rolunun vacibliyi səbəbindəndir ki, German-Skandinav xalqlarının mifologiyasında Braqi-Müdriklik və Natiqlik tanrısı təmsil olunmaqdadır. Buddizmin Lamaizm qanadı kimi məlum olan,Tibet buddizmində-rahiblərin monastr üçün tələbə seçimi zamanı,tələbələrin natiqlik qabiliyyətini də xüsusi dəyərləndirdikləri tarixdəki məlum faktlardandır. Tibet rahibləri yalnız tələbələrin natiqlik bacarığını dəyərləndirməklə kifayətlənmir,eyni zamanda onların qeyd olunan keyfiyyətini inkişaf etdirmək istiqamətində də tədbirlər həyata keçirirdilər. Belə ki, mantraların söylənilməsi zamanı tələb olunan səviyyəyə çata bilmək üçün gənc rahiblərdən mövcud teksti doğma anaları qədər sevərək ifa etmələri tələb olunur,bunun da ekstatik ləzzət həddinə yardım etdiyinə inanılırdı.(3) İlk kitablı din olan İudaizmin təbliği zamanı natiqlik sənəti ilə bağlı məqamlar önə çıxaraq tarix səhnəsində yer almaqdadır. Belə ki, Allahın beş sevimli peyğəmbərindən biri kimi tanınmaqda olan Musa peyğəmbərin- sevimlilərdən olması sübutunun onun Allahla bir başa danışması və Kəlamullah olaraq tanınması göstərilməkdədir.Məlumdur ki,bütün parametrləri ilə Allahın seçmiş olduğu Musa peyğəmbərin nitqi Allah üçün qənaətbəxş olmadığından növbəti dinin təbliği və Fironla baş vermiş görüşlərdə peyğəmbərin-cahil insanların söz-söhbətindən kənarda qalması üçün qardaşı Harun da Nəbi olaraq dəyərləndirilmiş, qüsursuz danışığı ilə Musa peyğəmbərə yardımçı olmuş,vacib görüşlərdə onu müşayət etmişdir. Əvvəldə söz vardı. Söz Allahda var idi. Allah söz idi.(4) Bu, artıq inanc, mifologiya, və söyləntilərini konkret axın üzərində qurmuş insanın-sözün Allahın əmanəti olması- dəlili ilə qarşılaşdığı növbəti məqam idi. Tarixin növbəti mərhələsində gəlmiş bu ilahi kəlmələr-yeni düşüncə tərzi, yeni dünya düzəni yaratmaqla yanaşı nitqə olan münasibəti də dəyişməkdəydi. Çünki bu dəfə seçilmiş olan Elçi beşikdə ikən danışmış, peyğəmbər olaraq ilk möcüzələrindən birini göstərmiş olmuşdu (Demək ki insanın mükəmməl danışa bilmək istəyinin kökündə dayanan səbəblərdən biri də-qüsursuz danışa bilməyin Allah möcüzəsi olaraq təhtəlşüurumuzda yer tapması olmuşdur). İsa peyğəmbərin başqa insanlardan fərqli olaraq doğumundan az sonra danışmaqla möcüzə göstərməsi zaman olaraq Qədim Yunanıstanda natiqlik sənətinin təşəkkül tapdığı vaxtlara təsadüf etməkdədir. Bu həmin vaxtlar idi ki,oratorluq bir sənət növü olaraq inkişaf etmiş, natiqlər-nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif vasitələrə əl atmışdılar. Qədim yunanıstan və Roma natiqlərinin –kəskin,konkret,partlayışlar sərgiləyə biləcək danışığa sahib ola bilmək üçün sübh çağlarında ağız boşluğunu xırda daşlarla dolduraraq dəniz kənarında məşq etməkləri tarixi qaynaqlarda əks olunmuşdur. Qədim Yunanıstan və Romada inkişaf etmiş olan oratorluq, Xristian dininin yaranması ilə orta əsrlərə qədər kilsənin tərkibində olmuş,sonralar yenidən müstəqil peşə kimi mövcud olmağa başlamışdır (Latın dilindən tərcümədə orator istəyən orare istəmək mənasındadır). Xristianlığın gəlişi ilə oratorluğun kilsənin tərkibində olmasının səbəblərindən biri kimi -natiqliyin yalnız demokratik şəraitdə inkişaf edə bilməsi göstərilir. Bəlkə səbəblərdən biri də artıq keşişlərin özlərinin səlist və avazla danışaraq insanları təsir altına sala bilməsində idi. Allahın “ol” nidası ilə eşidilmiş olan səs-layla, oxşama, mantra və dualarda sözə çevrilməklə mistik aurası çərçivəsindən çıxaraq şifahi xalq yaradıcılığından ədəbiyyat nümunələrinə keçməklə xalqların təfəkkür tərzi və mədəni yaşam tərzini özündə əks etdirməkdəydi. Səsi layla ilə qəbul edib sözə çevirməkdə olan insan-“Kimin günahı yoxdursa birinci daşı o atsın “cümləsinin təsirindən öldürüləcək bir fahişəni daş-qalaq etməkdən çəkinir,deyilmiş sözün təsiri ilə-cəmiyyətə günahlardan uzaqlaşmış yeni bir insan bəxş edə bilirdi. Bu məqam artıq sözün kim tərəfindən, necə və harada deyiləcəyinin göstərgəsiydi (İsa peyğəmbərin Mariya Maqdalinanı ölümdən xilas edərək onu fahişəlikdən uzaqlaşdırması).(5). Səsin sözə çevrilməsi anı daim insanlar tərəfindən araşdırılmaqda olan bir mövzu olmuş, müxtəlif eksperimentlərin həyata keçirilməsi üçün şərait yaradan amil rolunu oynamışdır. İspaniya, İngiltərə kimi xristian dövlətlərində,Böyük Moğol İmperiyasında aparılmış eksperimentin şərti-yeni doğulmuş körpələrin heç bir danışıq eşitməyərək böyüdülməsi olmuş, qeyd edilən uşaqların hansı dildə danışacaqları maraq doğurmuşdur. Aparılmış eksperimentlər nəticəsiz qalmış, heç bir danışıq eşitməyən körpələr heç bir kəlmə söyləyə də bilməmişlər.(6) Səsin sözə çevrilərək əmanət olaraq verilməsi anı Qurani-Kərimdə belə yer almaqdadır. -Adəmə bütün şeylərin adını öyrətdi. -O, Ey Adəm, bunların(kainatda mövcud olan əşyanın)adlarını onlara bildir-dedi.(7). Adların öyrədilməsi və yenidən təkrarlanması ilə kifayətlənməyən Allah başqa bir yerdə - “Quranı aram-aram oxuyun” deyə buyurmaqdadır. (8). Quranın aramla oxunmasının Allah tərəfindən göstəriş kimi bildirilməsi,təfsirçilər tərəfindən Quranın daha yaxşı dərk edilməsi olaraq göstərilməkdədir. İslam peyğəmbərinin düzgün danışıq aparatına, səlis, rəvan və aydın danışığa malik olması onunla birgə yaşamış tarixi şəxsiyyətlər tərəfindən də vurğulanmaqdadır. Məhəmməd peyğəmbərin qüsursuz danışığı, məlahətli səsi və müsahibini danışıq və məntiqi ilə təsir altına ala bilməsi səbəbindəndir ki, İslam dininin ilk illərində Məkkəlilər övladlarına onunla görüşüb danışmağa qadağa qoymuşdular.(9). Elə Allah Rəsulunun gözəl danışa bilməsi və Allahın da Qurani-Kərimin oxunuşu ilə bağlı irəli sürmüş olduğu tələblər,sonradan təcvid elminin yaranması və inkişafı ilə nəticələnmişdir. Qurani-Kərimin qüsursuz olaraq oxunması haqqında olan elm təcvid elmi adlanır.Təcvid ərəbcədən tərcümədə gözəlləşdirmək deməkdir ki, sözün kükü –cövd-dür.(10) Aramla və gözəlləşdirilərək oxunmaqla da Qurani-Kərimin çox sayda İslam tərəfdarı toplaya bilməsi də məlum olan faktlardandır. Qurani-Kərimin düzgün qiraəti zamanı üzərində durulması, 2, 4, 6 dəfə uzadılması vacib olan hərflər var ki, bu da” kodlaşdırılmış” mətnin Allah tərəfindən qəbul edilməsinə hesablanmışdır. Qiraətin düzgün olması tələbi səbəbindəndir ki ,bir sıra İslam alimləri qüsurlu danışığa malik olan şəxsin camaat namazında pişnamazlıq edə bilməyəcəyi qənaətindədirlər. Qurani-Kərimin oxunuşu ilə bərabər dua zamanı da bir sıra tələb və göstərişlərə rast gəlinməkdədir.Buraya sözlərin düzgün tələffüzü,istəyin reallaşacağına inam,müraciətin üsyandan kənar,tam təslimçilik ruhunda edilməsi kimi tələblər daxildir. Dua ərəb dilindən tərcümədə çağırmaq, səslənmək kimi tərcümə olunur.(11) Elə bu səbəbdəndir ki, duanın sevgiliyə müraciət qədər gözəl olması tələb olunur. “Oxu”tələbi ilə başlayan Qurani-Kərimin eşqi ilə Allaha pərvazlanan Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si “Dinlə” kəlməsi ilə yola çıxmaqla hər kəsin sevə-sevə dinlədiyi ədəbiyyat nümunəsinə çevrilməyi bacara bilmiş oldu.Allahın sonuncu kitabı ilə,Allah sevgilisi övliyanın bir-birini tamamlayan məntiqi ardıcıllıq-sözün dinlənilməli olduğunu göstərməkdədir.Dinlənilmək üçün isə sözün mütləq qüsursuz söylənilməsi vacibdir ki,bu da Qurani Kərimdə Quranı aramla oxuyun şəklində göstərilməkdədir. Qurani-Kərimdə səslə bağlı məqamlar var ki,bəzisində səsin gözəlliyindən, digərində isə qorxunc və məhvedici ola bilməsindən bəhs edilməkdədir. Yuxarıda qeyd olunanlardan aşağıdakı nəticələri əldə etmək mümkündür. -Səsdən yaranması,səslə də məhv ediləcəyi səbəbindən insanın səsi kateqoriyalara bölə bilmək qabiliyyətinə malik olması, -Sözün Allahın əmanəti olması, tələffüzlə bağlı teist dünyagörüşü kimi qəbul olunaraq, sözə hörmətlə yanaşılması, -Allahın tələbi olduğu üçün düzgün tələffüzlü ibadət və duanın Allah tərəfindən qəbul olunacağına inam.(Çünki Allah kainatdakı bütün hər şeyin adını Adəmə qüsursuz öyrətmiş,tələffüzünə əminlik məqsədi ilə öyrətdiklərini ona təkrar etdirmişdi)Sadalanan səbəblərin insanın bütün fəaliyyət sahələrini əhatə edərək, gündəlik həyat tərzində düzgün və qüsursuz danışması üçün tələbatın yaranması. Xalidə Həsənova Rabitə Kollecinin Nitq mədəniyyəti müəllimi İstifadə olunmuş ədəbiyyat: 1.Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi.”Qismət”2006. 2.Ənvər Vəliyev. 3.Psixoloqiçeskie aspekti buddiizma.Nauka-1991. 4.Novıy Zavet.Missiya Terri Lou.Tulsa.Oklahama. 5.Qustav Danilovskiy.Mariya Maqdalina.Stanitsa.1994. 6.K istokam yazıka.Donskix.O.A.Nauka1988. 7.Əl Bəqərə s.30-33.Qismət-2006. 8.Muzzəmmil s.ayə-4. Qismət 2006. 9.Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai. Sunənun Nəbi.Nurlar Bakı 2012. 10.Hacı İlqar İsmayılzadə.Quran Elmləri Ensiklopediyası.BİEA-2006. 11.Baranov.X.K.Bolşoy Arabsko-Russkiy slovar.”Russkiy Yazık”-1976.

Oxunma sayı: 17897

Oxşar yazılar