Aprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm xadimləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak edib.
Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən Əminağa Sadıqov açılış nitqində konfransın SDU-da keçirilməsini önəmli qiymətləndirərək tədbirin Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına öz töhfəsini verəcəyini bildirib. Universitetlərin əsas vəzifəsinin yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu söyləyən Əminağa Sadıqov əlavə edib ki, ali məktəblər bununla yanaşı ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etməli, tələbələrin yetkin şəxsiyyət, vətənpərvər ruhda formalaşmalarında rol oynamalıdırlar.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı Qərbi Azərbaycana qayıdacağımıza əmin olduğunu, Vətənimizi qorumaq üçün güclü və bilikli olmağın önəm daşıdığını vurğulayıb. Son dövrlərə qədər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi, həyatı, mənşəyi, məişəti, taleyinin hərtərəfli tədqiq edilmədiyini diqqətə çatdıran nazir müavini bildirib ki, Ermənistanın tarixi abidələri və toponimləri azərbaycanlıların min illər boyu bu ərazinin əsas sakinləri olduğunu sübut edir.
Nazir müavininin sözlərinə görə, hər bir ölkənin gələcəyi bu günün ayrılmaz elementi olan, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan gənc nəsildir. Ali təhsil müəssisələrində təhsil alan müasir gənclər yaxın gələcəkdə cəmiyyətin siyasi, iqtisadi və elmi elitasının əsasını təşkil edəcəklər. Müasir dövrümüzün ən mühüm vəzifələrindən biri Vətən, ana torpaq, ana yurd anlayışlarının formalaşdırılmasıdır. Firudin Qurbanov nəzərə çatdırıb ki, hazırda təhsilalanlara Qərbi Azərbaycan haqqında məlumatlar verilir, bu mövzuda tədbirlər, olimpiada keçirilir. Məqsəd odur ki, hər bir vətənpərvər gənc keşməkeşli dövrün hadisələrinə sadəcə müşahidəçi kimi qalmasın, öz vətəninin – Qərbi Azərbaycanın yenidən Azərbaycana qaytarılması uğurunda fədaiyə çevrilsin.
Milli Məclisin deputatı Mehriban Vəliyeva ölkə üçün əhəmiyyətli sayılan ideoloji işlərdə gənclərin öndə olmasını, onların bu işlərə yeni dəyər qatmalı olduqlarını önə çəkərək konfransın əsas məramının gənclərlə birgə tariximizə varmaq olduğunu qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov konfransda gənclərin çoxluq təşkil etməsini son dərəcə əhəmiyyətli sayıb və əlavə edib ki, gənclərin canları-qanları hesabına azad etdikləri torpaqlarımızda hazırda quruculuq işləri gedir, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışı zamanı hazırda SDU-da 7-8 min nəfər tələbənin təhsil alması məsələsinə toxunaraq Sumqayıt Dövlət Universiteti üçün əlavə korpus tikilməli olduğunu diqqətə çatdırıb, Sumqayıt gənclərinin çox savadlı və intellektli olmasını qeyd edərək onlarla fəxr etdiyini söyləyib.
Digər çıxış edənlər Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsində gənclərin öhdəsinə daha çox işlərin düşdüyünü önə çəkiblər.
Konfransın plenar hissəsində spikerlər – Milli Məclisin deputatları Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı gənclərin suallarını cavablandıraraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.




